Azərbaycanın çempionatının iştirakçısı ot örtüyünü dəyişdirir

Azərbaycanın çempionatının iştirakçısı ot örtüyünü dəyişdirir

Şəmkir Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyü tamamilə yenilənir.

"Şəmkir" klubundan "Mediasport"a verilən məlumata görə, II Liqa təmsilçisinin meydançası tamamilə istismara yararsız haldadır və dəyişdiriləcək.

Arenada işlərə start verildiyi açıqlanıb:

"Stadionun torpaq qatı və ot örtüyü sonuncu dəfə 2015-ci ildə bərpa edilib. Nəzərə alsaq ki, bu tip yenilənmələr 5-6 ildən bir aparılmalıdır, uzunmüddətli istifadədən sonra stadionun ot örtüyünün yenilənməsinə ehtiyac var idi. Buna görə klubun baş məşqçisi Vüqar Nadirovun təşəbbüsü ilə stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılması barədə qərar qəbul edilib.

Meydança tam bərpa edildikdən sonra yenidən istifadəyə veriləcək.

Qeyd edək ki, bugünlərdə Şəmkir rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə yenilənmiş "Şəmkir" Futbol Klubunun təqdimat mərasimi keçirilib. Tədbirdə komandanın əsas məqsədinin hazırda çıxış etdiyi liqada yüksək yerlər uğrunda mübarizə aparmaq və yuxarı liqalara çıxmaq olduğu bildirilib.

"Şəmkir" 14 komandalı 2-ci Liqada 13 turdan sonra 19 xalla 7-ci pillədə qərarlaşıb. Qərb təmsilçisi lider "Şahdağ Qusar"dan 20 xal geri qalır.