Cüdoçularımız Sindaoda "Qran pri" turnirində mübarizə aparacaqlar
Çinin Sindao şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.
"Mediasport" xəbər verir ki, Los-Anceles Olimpiadasına lisenziya xalları verən yarışda Azərbaycanın 17 cüdoçusu (11 kişi, 6 qadın) 10 çəki dərəcəsində qüvvəsini sınayacaq.
Komandaya kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Üç gün davam edəcək turnirdə (26-28 iyun) 58 ölkədən 502 cüdoçu (267 kişi, 235 qadın) tatamiyə çıxacaq.
Yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, "A" kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
Zelim Kotsoyev (-100 kq) və Madina Kaisinova (+78 kq) zədə səbəbindən turniri buraxacaq.
İlk yarış günü təsnifat mərhələsi saat 05:00-da, final bloku saat 13:00-da start götürəcək. Turnirin görüşləri "Judo TV" və "CBC Sport"dan canlı yayımlanacaq.
Püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri
Kişilər
-60 kq, 1/16 final
Əhməd Yusifov - Dilşot Xalmatov (Ukrayna)
Balabəy Ağayev - Artem Lesyuk (Ukrayna)
-66 kq, 1/32 final
Tofiq Məmmədov - Lin Çenq (Çin)
-66 kq, 1/16 final
Ruslan Paşayev - Salih Yıldız (Türkiyə) / Ziyanq Şüe (Çin) cütünün qalibi ilə
-73 kq, 1/16 final
Rəşid Məmmədəliyev - Natan Kadinyan (Fransa) / Minqxao Canq (Çin) cütünün qalibi ilə
-81 kq, 1/16 final
Hidayət Heydərov - Xose Mariya Mendiola İskiyeta (İspaniya) / David Lima (Braziliya) cütünün qalibi ilə
Zelim Tçkayev - Enxtör Cuqderqarav (Monqolustan) / Oskari Makinen (Finlandiya) cütünün qalibi ilə
-90 kq, 1/16 final
Aslan Kotsoyev - Yaqor Varapayev (Belarus)
Murad Fətiyev - Şuo Li (Çin)
+100 kq, 1/8 final
Camal Qamzatxanov - Donq Lin (Çin) / Silven Lorenso Aqro (İtaliya) cütünün qalibi ilə
Uşanqi Kokauri - Juyşüan Li (Çin) / Tamerlan Başayev (Rusiya) cütünün qalibi ilə
Qadınlar
-48 kq, 1/16 final
Könül Əliyeva - Jana Sid Balsels (İspaniya)
Şəfəq Həmidova - Abiba Abujakınova (Qazaxıstan)
-52 kq, 1/16 final
Gültac Məmmədəliyeva - Kinqa Klimçak (Polşa)
Leyla Əliyeva - Aleksandra Kaleta (Polşa)
-63 kq, 1/16 final
Fidan Əlizadə - Dali Liluaşvili (Rusiya)
-70 kq, 1/32 final
Südabə Ağayeva - Şirincon Yuldoşova (Özbəkistan)


