Daha bir Cüdo Təlim Mərkəzi İmişlidə istifadəyə verildi

Azərbaycan Cüdo Federasiyasının İmişli Cüdo Təlim Mərkəzi fəaliyyətə başlayıb.
"Mediasport" xəbər verir ki, mərkəzin açılışında gənclər və idman naziri Fərid Qayıbov, İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov və digər şəxslər iştirak ediblər.
Müasir standartlara cavab verən tatamilərlə təchiz edilmiş mərkəzin fiziki hazırlıq zonasında cüdoçuların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları yer alıb.
Tataminin ümumi ölçüsü 200 kv.m sahəni əhatə edir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Zalda 200-dən çox idmançı cüdo ilə məşğul olacaq.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası 2022-2025-ci illərdə Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər və cüdo zalları açılıb.
Növbəti cüdo zalları isə Zaqatalanın Mosul kəndi, Şabran, Masallı, Cəlilabad, Qobustan və Siyəzəndə fəaliyyətə başlayacaq.
Bakı və regionlardakı 158 idman zalına Azərbaycan Cüdo Federasiyası tərəfindən 2022-ci ildən etibarən 11400 tatami verilib və 2200-dən çox gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb.