"Mundialda da yaxşı nəticələr qazanacağımıza inanıram"
"Yarışa çox az vaxt qalıb. Komandanın hazırlıq səviyyəsindən razıyıq. Gürcüstanda keçirdiyimiz təlim-məşq toplanışı da faydalı oldu".
"Mediasport"xəbər verir ki, bunu cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Riçard Trautman deyib.
Mütəxəssis media nümayəndələri üçün təşkil olunan açıq məşqdə hazırlıq barədə fikirlərini bölüşüb:
"Cüdoda zədələr qaçılmazdır. Təəssüf ki, 66 kq çəki dərəcəsində yarışan Ruslan Paşayev zədə səbəbindən Avropa çempionatında iştirak edə bilməyəcək. Ümumən, əlbəttə ki, yarışda uğur qazanmaq istəyirik.
Ancaq eyni zamanda dünya çempionatına da fokuslanmışıq. Mundialda da yaxşı nəticələr qazanacağımıza inanıram. Ötən il Avropa çempionatında beş medal qazanmışdıq. Bu dəfə bu rəqəmin daha böyük olacağına ümid edirəm. Lakin cüdoda əvvəlcədən proqnoz vemək çətindir”.
Qeyd edək ki, böyüklər arasında Avropa çempionatı aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.
